🔯 “Azərbaycan kiminsə istəyi ilə suveren hüquqlarından imtina etməyəcək” “Azərbaycan müstəqil dövlətdir və ölkələrlə münasibətlərini kiminsə xoşuna gəlmək üçün qurmur. Həmçinin heç kim öz suveren hüquqlarından digər tərəfin istəyi ilə imtina etməməlidir”. Bunu Milli Məclisin deputatı Rasim Musabəyov deyib. Deputat bildirib ki, Azərbaycan başqa ölkələrin daxili işlərinə müdaxilə etmir: “Türkiyənin daxili siyasətində baş verənlərin heç də hamısı ürəyimizcə deyil. Ancaq biz bununla bağlı bəyanatlar vermirik, Türkiyə səfirliyinin qarşısında etiraz aksiyalarının təşkilinə də imkan yaratmırıq. Türkiyədə Azərbaycan əleyhinə səsləndirilən bəyanatlar, etirazların təşkili və “hicaba azadlıq şüar”ı altında aparılan kampaniya daxili siyasətə müdaxilədir. Onlar on il mübarizə apardıqdan sonra təhsil sistemində hicabla bağlı məhdudiyyətlərin aradan qaldırılmasına nail oldular. Halbuki əvvəlcə təhsil sistemində hicabın geniş yayılmasına imkan verilmirdi, məhkəmə sistemi də buna mane olurdu”. R.Musabəyov deyib ki, sionist rejimə münasibətlərə görə də Azərbaycanın hədəf alınması yanlış siyasətdir: “Azərbaycan BMT çərçivəsində fələstinlilərə dəstək verir. Digər tərəfdən, ərəb ölkələrinin Türkiyəyə münasibəti heç də sionist rejim münasibətlərindən daha müsbət deyil. Biz bunu çox yaxşı bilirik və özümüz də münasibətlərdə bu yanaşmanın təzahürlərini müşahidə etmişik. Onlar ermənilərə daha yaxındırlar. Biz kiməsə görə sionist rejimlə ölkəmizə fayda verən münasibətləri korlamaq niyyətində deyilik. AKP hökuməti ideoloji baxımdan sionist rejimi düşmən kimi təqdim edir və Azərbaycanı da bu yola çəkmək istəyir. Ancaq təkcə Azərbaycan deyil, Qazaxıstan, Özbəkistan və Türkmənistan da Türkiyənin sionist rejimlə bağlı bu yanaşmasını qəbul etmirlər. Heç bir türk dövləti Türkiyənin sionist rejimlə münasibətlərə dair mövqeyini bölüşmür. Heç kim orda səfirliklərini bağlamır. Azərbaycan öz mövqeyini Türkiyəyə çatdırıb. Yəni biz münasibətlərimizi zəiflətmək istəmirik. Ölkələrimiz arasında münasibətlərin o qədər möhkəm təməli var ki, istəsələr belə, bu münasibətləri pozmağa nail ola bilməzlər. Əgər bu istiqamətdə davam etsələr, düşünürəm ki, Türkiyə hakimiyyəti bundan daha çox itirəcək, nəinki qazanacaq. Vaxtilə aparılan sorğular, eləcə də bugünkü nəticələr göstərir ki, Azərbaycan əhalisinin təxminən 90 faizi Türkiyəni ölkəmiz üçün qardaş və müttəfiq dövlət hesab edir. Türkiyədə keçirilən sorğular da göstərir ki, qardaş və müttəfiq dövlət kimi ilk sırada Azərbaycan göstərilir. Həm Azərbaycanda, həm də Türkiyədə hər kəs bu reallıqla hesablaşmalı olacaq”. İqtisadi münasibətlərə toxunan deputat bildirib ki, Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi də mühüm əhəmiyyət daşıyır. Türkiyənin əsas ticarət tərəfdaşlarından biri Azərbaycandır: “Bu gün Türkiyənin təbii qaz təchizatında da Azərbaycan mühüm rol oynayır. Azərbaycan Türkiyəyə 20 milyard dollar həcmində investisiya yatırıb. Türkiyə isə Azərbaycana 16 milyard dollarlıq investisiya qoyub. Bizim hərbçilərimiz, demək olar ki, vahid ordu kimi fəaliyyət göstərirlər. Qarabağda bərpa işləri ilə bağlı müqavilələrin böyük və əhəmiyyətli hissəsi Türkiyə şirkətlərinə verilib. Bu yaxınlarda keçirilən hərbi sərgidə Türkiyənin müdafiə naziri də iştirak edib və yarım milyard dollarlıq müqavilələr imzalanıb. Bütün bunlar Türkiyənin müdafiə sənayesinin inkişafına xidmət edən addımlardır. Türk Dövlətləri Təşkilatının fəaliyyətinə gəldikdə isə, Azərbaycan-Türkiyə münasibətlərinin zəifləməsi, demək olar ki, bu təşkilatı iflic vəziyyətinə sala bilər. Düşünürəm ki, Türkiyə də bunu çox yaxşı anlayır və müəyyən sərhədlərin keçilməz olduğunu bilirlər. Düşünürəm ki, Türkiyə rəhbərliyi məsələ ilə bağlı konkret mövqeyini ortaya qoymalıdır”. Mənbə: 525.az ✡️ Abunə olun