⚡️Fələstin məsələsi AQEM sammitində gündəmə gətirilib Fələstin Qəzza zolağında daimi atəşkəsin təmin olunmasına, İsrail qüvvələrinin ərazidən tamamilə çıxarılmasına və yenidənqurma işlərinə başlanılmasına çağırıb. APA-nın məlumatına görə, bunu Fələstin Dövlətinin xarici işlər və xaricdə yaşayan fələstinlilərlə iş üzrə naziri Varsen Ağabekyan Şahin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində çıxışı zamanı bildirib. O qeyd edib ki, Qəzza zolağında müharibə genişmiqyaslı dağıntılara və ağır humanitar iztirablara səbəb olub. Nazirin sözlərinə görə, “Fələstinin milli məqsədi işğala son qoymaq, 4 iyun 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövləti yaratmaq və beynəlxalq qətnamələrə uyğun olaraq qaçqınlar probleminin ədalətli həllinə nail olmaqdır”. Fələstinli nazir AQEM-ə üzv dövlətləri mülki əhalinin qorunması, məcburi köçürülmənin qarşısının alınması, humanitar yardımların çatdırılmasının təmin edilməsi, məskunlaşdırma və ilhaq siyasətinin rədd olunması, eləcə də beynəlxalq qətnamələrin icrası istiqamətində konkret addımlar atmağa çağırıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə AQEM-in üzvü olan Fələstinin hüquqlarının müdafiəsi istiqamətində qətiyyətli mövqe nümayiş etdirilməsinə çağırıb. “Davamlı həll yolu 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren Fələstin Dövlətinin yaradılmasını tələb edir. AQEM müxtəlif prioritetlərin uzlaşdırılması və qarşılıqlı anlaşmanın dərinləşdirilməsi üçün dəyərli platformadır. Bu sammit qitəmizdə davamlı sülhün və rifahın möhkəmləndirilməsi məqsədilə AQEM-in daha səmərəli fəaliyyəti üçün aydın istiqamət müəyyən etməlidir. Biz bu məqsədlərə nail olmaq üçün qətiyyətlə çalışmağa davam edəcəyik”, – deyə Hakan Fidan vurğulayıb. Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Raşid Əz-Zəyani də regionda davamlı sülhün təmin olunması üçün Fələstin məsələsinin ədalətli həllinin və İsraillə yanaşı müstəqil Fələstin Dövlətinin yaradılmasının vacibliyini qeyd edib. Misir Ərəb Respublikasının xarici işlər nazirinin müavini Məhəmməd Əbu Bəkr isə bildirib ki, Fələstin məsələsi Yaxın Şərqdə sülhün və sabitliyin təmin olunması baxımından mərkəzi əhəmiyyət daşıyır. Misirli diplomat beynəlxalq hüquqa riayət edilməsinin və Qəzza zolağına humanitar yardımların sürətli, təhlükəsiz və maneəsiz çatdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Fələstin xalqının öz torpaqlarından zorla köçürülməsinə yönəlmiş istənilən cəhdi rədd edirlər. Xarici işlər nazirinin müavini əlavə edib ki, Fələstin–İsrail münaqişəsinin davamlı həlli Qəzza zolağının Fələstin ərazisinin ayrılmaz hissəsi olaraq qalmasını və iki dövlət prinsipi əsasında müstəqil Fələstin Dövlətinin yaradılmasına imkan verən etibarlı siyasi perspektivin formalaşdırılmasını nəzərdə tutmalıdır. Məhəmməd Əbu Bəkr həmçinin bildirib ki, İranda baş vermiş son müharibə münaqişələrin genişlənməsi və gərginliyin artması ilə bağlı riskləri üzə çıxarıb. Bu proseslərin nəticələri regionun hüdudlarından kənara da yayıla bilər. O qeyd edib ki, Misir gərginliyin azaldılması məqsədilə regional və beynəlxalq tərəfdaşlarla təmaslarını gücləndirib və Körfəz ölkələrinə qarşı hücumları pisləyib. İsrail Prezidenti İsxak Hersoq da çıxışında Fələstin məsələsinə toxunub. “Ümid edirəm ki, Yaxın Şərqdə — Livanda, Suriyada, Qəzzada və fələstinli qonşularımızla münasibətlərdə sülh perspektivini görə biləcəyik və terrorizmin bütün formalarına qarşı birlikdə mübarizə aparacağıq”, – deyə İsrail Prezidenti əlavə edib. #Fələstin #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA