🌐 CAIR ABŞ Dövlət Departamentini Azərbaycandan ayrı-seçkilik xarakterli və faşist mahiyyətli hicab qadağasını ləğv etməyi tələb etməyə çağırıb ABŞ-ın ən böyük müsəlman vətəndaş hüquqları və hüquq müdafiə təşkilatı olan Amerika–İslam Münasibətləri Şurası (CAIR) bu gün Dövlət Departamentini Azərbaycan hökumətindən məktəblərdə şagirdlərin və müəllimlərin hicab taxmasına qoyulan qadağanı ləğv etməyi tələb etməyə çağırıb. Ötən ay qəbul edilən qanun müsəlman qadınların baş örtüyünü açıq şəkildə qadağan etməsə də, hökumətin “dünyəvilik prinsipinə” zidd hesab etdiyi geyimlərin məktəblərdə istifadəsini qadağan edib. Bəzi müəllim və şagirdlərin dərslərə buraxılmaması etirazlara səbəb olub. CAIR yaydığı bəyanatda bildirib: “Dini etiqad azadlığı beynəlxalq hüququn təməl prinsiplərindən biridir və Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün dövlətlər bu prinsipə riayət etməyi öhdələrinə götürüblər. Müsəlman müəllim və şagirdlərin hicablarını çıxarmadıqları təqdirdə dövlət məktəblərində təhsil və tədris prosesində iştirakına qadağa qoyulması bir sıra Avropa ölkələrində və keçmiş Sovet dövlətlərində dini etiqad azadlığına qarşı davamlı təhlükə olaraq qalır. Artıq Azərbaycan da bu ölkələr sırasına qoşulub. Biz Azərbaycandakı müsəlman müəllimlər, şagirdlər və ailələrlə həmrəy olduğumuzu bildirir, hökumətin ayrı-seçkilik xarakterli və faşist mahiyyətli hicab qadağasını qətiyyətlə pisləyirik. Hicab taxan müsəlman müəllim və şagirdlərin dövlət məktəblərinə buraxılmaması təkcə müsəlman icmasına deyil, həm də dini etiqad azadlığının təməl prinsipinə qarşı hücumdur. Dini etiqad azadlığına hörmət etdiyini iddia edən ölkələr müəllim və şagirdlərin hicab, xaç, kipa və ya çalma kimi dini inanclarına aid geyim və rəmzlərdən istifadə etməsinə, yaxud bunlardan istifadə etməməyi seçməsinə imkan yaratmalıdırlar. Biz ABŞ Dövlət Departamentini Azərbaycandan hicab qadağasını ləğv etməyi və hər kəsin dini etiqad azadlığına təminat verməyi tələb etməyə çağırırıq.” Mənbə: CAIR #ABŞ #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA