⚡️Bu gün eyni məktəbli formasında, sabah fərqli peşələrdə… Hər dərs, hər yeni bilik uşaqları arzularına bir addım da yaxınlaşdırır. Müəllimin dəstəyi ilə sinifdə başlayan bu yol gələcəyin həkimlərini, mühəndislərini və alimlərini yetişdirir. Qeyd: Bu gün eyni məktəbli formasında, sabah fərqli peşələrdə... Bəs bu gün eyni məktəbli formasında olan qızların sabah fərqli peşələrdə çalışması üçün onların dini etiqadından imtina etməsi niyə tələb olunmalıdır? Uşaqların gələcəyindən, arzularından və təhsil hüququndan danışmaq gözəldir. Lakin bu gözəl sözlərin arxasında ciddi bir ziddiyyət dayanır. Əgər hər bir uşağın arzusu dəyərlidirsə, nə üçün hicablı məktəbli qızların arzuları da eyni dərəcədə qorunmur? Bir neçə gün öncə hicaba qoyulan məhdudiyyətlərə haqq qazandırmaq üçün «18 yaşına çatanda istəsə, hicab bağlayar» deyilirdi. İndi isə məktəbli qızların gələcəkdə həkim, mühəndis və alim olmasından danışılır. Məgər hicablı qız həkim ola bilməz? Məgər hicab mühəndisliyə, elmə və tərəqqiyə maneədir? Qız uşağının savadı, istedadı və gələcəyi onun baş örtüyü ilə deyil, aldığı təhsil və qazandığı biliklə ölçülməlidir. Dünyəvilik dinə qarşı mübarizə aparmaq deyil, müxtəlif dini inanclara sahib insanların hüquqlarını bərabər şəkildə qorumaqdır. Dünyəvi dövlət adı altında dini etiqad azadlığının məhdudlaşdırılması dünyəvilik prinsipinin özü ilə ziddiyyət təşkil edir. Şəkildə məktəbli qızların kölgələri onların gələcək peşələrini əks etdirir. Amma unutmaq olmaz ki, o kölgələrin arasında hicablı bir həkim, hicablı bir mühəndis və hicablı bir alim də ola bilərdi. Əsl təhsil azadlığı uşağa «arzularına çatmaq üçün dini kimliyindən imtina et» demək deyil. Əsl təhsil azadlığı onun inancına hörmət etməklə arzularına çatmasına şərait yaratmaqdır. Qız uşaqlarının gələcəyindən danışarkən onların yalnız hansı peşəni seçəcəyinə deyil, həm də öz inancları ilə yaşamaq hüququna hörmət edilməlidir. Çünki təhsil hüququ ilə dini etiqad azadlığı bir-birinin alternativi deyil. Heç bir qız uşağı bu iki hüquq arasında seçim etməyə məcbur edilməməlidir. #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA