⚡️Ceyhun Bayramov Nyu-Yorkda TRIPP layihəsinin regional əhəmiyyətindən danışıb Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkə hesabında paylaşım edib. BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov ABŞ hökumətinin təşkil etdiyi “Sülh yolu ilə rifah: Transxəzər Ticarət Marşrutuna və TRIPP-ə investisiya” adlı tədbirdə çıxış edib. Nazir çıxışında Azərbaycanın daha güclü regional bağlantılara dair baxışını təqdim edərək, bunun iqtisadi artımın, dayanıqlı təchizat zəncirlərinin və yeni investisiya imkanlarının mühüm hərəkətverici qüvvəsi olduğunu vurğulayıb. Tədbirdə bağlantı, sülh quruculuğu və rifahı özündə birləşdirən layihə kimi TRIPP-ə xüsusi diqqət yetirilib. Bildirilib ki, tarixi Vaşinqton Sammitinin əsas nəticələrindən biri olan TRIPP Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal bağlantını təmin edəcək, daha geniş regional əlaqələri gücləndirəcək və uzunmüddətli sülhün möhkəmlənməsinə töhfə verəcək. Ceyhun Bayramov layihənin həyata keçirilməsi istiqamətində göstərdiyi səylərə görə ABŞ tərəfinə təşəkkürünü ifadə edib. Nazir, həmçinin TRIPP-in regional enerji bağlantılarının inkişafı və şaxələndirilməsi baxımından potensialını vurğulayıb. Nazir Azərbaycanın Bakı Limanı və Ələt Azad İqtisadi Zonası əsasında formalaşdırılan inteqrasiya olunmuş nəqliyyat-logistika qovşağına yatırımlarını davam etdirdiyini qeyd edib. Ceyhun Bayramov rəqəmsallaşmanın, logistika və gömrük prosedurlarının sadələşdirilməsinin, eləcə də tərəfdaşlar arasında əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətini vurğulayıb. Bu xüsusda Qazaxıstan, Türkiyə və Gürcüstanla uğurla həyata keçirilən koordinasiya üzrə yol xəritələrini xüsusi qeyd edib. #TRİPP #ABŞ #Qazaxıstan #Ermənistan #Türkiyə #Ermənistan #Azərbaycan Abunə olun Ar-Rad GA